top of page

Azərbaycan Uşaq Fondu uşaqlar üçün xeyirxah təşəbbüsə imza atıb



“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Heydər Əliyev.


Öz fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyevin bu fikirlərini əsas götürən Azərbaycan Uşaq Fondu, uşaqların təhsili və mədəniyyəti sahəsində ümummilli liderin xatirəsinə həsr olunmuş yeni təşəbbüs irəli sürüb.


Təşəbbüslə bağlı Azərbaycan Uşaq Fondun İdarə heyətinin sədri Arif Hüseynov qeyd edib ki, ulu öndər Heydər Əliyevin prinsip və göstərişləri bizi hər zaman ruhlandırıb:


“Məlum olduğu kimi, SSRİ rəhbərliyi ulu öndərin uşaqlara olan sonsuz məhəbbətini əsas götürərək, SSRİ-də Uşaq Fondlarının yaradılmasının rəhbərliyini məhz ona həvalə etmişdir. Azərbaycan Uşaq Fondu ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yaradılıb. Biz Fond olaraq onun prinsipləri və göstərişlərini davam etdirməyə çalışırıq. Çünki ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin banisi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun bu tövsiyyələrinə əməl edərək, uşaqların sağlam, savadlı, mədəni və vətənpərvərlik ruhunda yetişmələrinə xidmət göstərir və vətənimizin xoşbəxt sabahı üçün çalışırıq. Ümummilli liderin ümdə arzusu və bilavasitə dəstəyi ilə yaranmış Azərbaycan Uşaq Fondu olaraq müqəddəs borcumuz – imkansız uşaqların daim qayğısına qalmaq, onların parlaq gələcəyini təmin etməkdir.


Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycan Uşaq Fondunun nəzdində ilk ödənişsiz məktəb yaradıldı. “Ecliptica” Uşaq İnkişaf Mərkəzinin əsas məqsədi – bütün uşaqlara, o cümlədən şəhid və qazi ailələrindən, uşaq evlərindən və sığınacaqlardan olan uşaqların dünyagörüşünün, istedadının, bilik və bacarıqlarını artırmaqdır. Burada uşaqlar aktyorluq, rəssamlıq, yazıçılıq və maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirərək, təbiətin, kosmosun və rəqəmsal dünyanın sirlərini öyrənəcək, daha kreativ düşüncə sahibi olacaqlar.


Biz, bu işdə əldə etdiyimiz nailiyyətlə kifayətlənməyərək, Azərbaycanın bir neçə bölgəsində belə məktəb açmağı planlaşdırırıq. Bu təşəbbüs kimsəsiz və ya çətin həyat şəraitində yaşayan uşaqların keyfiyyətli təhsil alması ilə yanaşı, onların incəsənət, idman, elm və texnologiya üzrə müxtəlif sahələrdə inkişaf etmələrinə şərait yaradacaq”.


Sonda Arif Hüseynov hər kəsi Heydər Əliyevin prinsip və göstərişlərinə əməl edərək, bu müqəddəs təşəbbüsə qoşulmağa və bu işdə Fonda dəstək verməyə çağırıb:


“Əminik ki, biz birlikdə övladlarımızın parlaq gələcəyini təmin edə və millət olaraq daha böyük uğurlara imza ata bilərik. Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar ildə gəlin onun prinsipləri ilə yaşamağa, onun irsini gələcək nəsillər üçün qoruyub saxlamağa davam edək”.


Xatırladaq ki, Azərbaycan Uşaq Fondu ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yaradılıb. 1988-ci ilin aprelin 14-də yaradılan Fond öz fəaliyyətində “Uşaq hüquqları haqqında” Qanunu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını rəhbər tutur.

Fondun əsas məqsədi - uşaqlara sevgi, qayğı və diqqətlə yanaşaraq, onların sağlamlığı, təhsili, mədəniyyəti və dünyagörüşünün inkişafına yönəlmiş çoxsaylı proqram və layihələrin hazırlanması və həyata keçirilməsidir.

bottom of page