Azərbaycan Uşaq Fondu ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə yaradılıb. Həmin vaxt görkəmli dövlət və siyasi xadim Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, Azərbaycan Uşaq Fondunun yaradılmasına SSRİ hökumətinin hərtərəfli dəstəyinə nail olub.
1988-ci ilin aprelin 14-də yaradılan Fond öz fəaliyyətində “Uşaq hüquqları haqqında” Qanunu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını rəhbər tutur. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Fond müstəqil fəaliyyətini davam etdirib. 1992-ci ildən Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvü olan Fond ölkənin bütün bölgələrində şöbələri olan yeganə qurumdur.
Fondun əsas məqsədi – ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətini uşaqların problemlərinə cəlb etmək; ehtiyacı olan uşaqlara kömək etmək; aztəminatlı ailələrə, uşaqlara və uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərə sosial, hüquqi və psixoloji və pedaqoji dəstəyin göstərilməsi, eləcə də, uşaq problemlərinin öyrənilməsi və həlli sahəsində çoxtərəfli əməkdaşlığın inkişafıdır. Fond sosial vəziyyətindən asılı olmayaraq, Azərbaycandakı bütün uşaqların hüquqlarını, təminatlarını və mənafelərini müdafiə etməyi qarşısına məqsəd qoyub.
Həmçinin Fondda uşaqlar və valideynlər arasında onların əsas hüquq və azadlıqlarını başa düşmələrini yaxşılaşdırmaq istiqamətində layihələr hazırlanılır. Qarşıya qoyulmuş bütün məqsədlərə nail olmaq üçün dövlət qurumları, təhsil müəssisələri, vətəndaşlar və bütövlükdə cəmiyyətlə birlikdə fəaliyyət tələb edir.
Azərbaycan Uşaq Fondu az təminatlı ailələr, uşaq evləri və sığınacaqda yaşayan uşaqlarla bağlı bir sıra layihələr həyata keçirib. Bunlardan “Uşaqlar “ağ ölümə” “yox” deyir”, “Gənc istedad”, “Əlil uşaqlar üçün yardım”, “Bilik gücdür”, “Açıq ürəklər” və “Mədəni ol” layihələrini qeyd etmək olar. Eləcə də, 2022-ci ilin noyabrın 20-də Dünya Uşaqlar Günü ilə bağlı xeyriyyə konserti təşkil edilib.
Bu ilin aprelin 15-də Azərbaycan Uşaq Fondunun nəzdində “Ecliptica” Uşaq İnkişaf Mərkəzinin açılışı baş tutacaq. Mərkəzin əsas məqsədi – bütün uşaqların, həmçinin aztəminatlı ailələrdən, uşaq evlərindən və sığınacaqlardan uşaqların dünyagörüşünün, istedadının, bilik və bacarıqlarını artırmaqdır. Burada uşaqlar aktyorluq, rəssamlıq və yazıçılıq bacarıqlarını inkişaf etdirərək, təbiətin, kosmosun və rəqəmsal dünyanın sirlərini öyrənəcək, daha kreativ düşüncə sahibi olacaqlar. Eləcə də, Maliyyə Savadlılığı proqramı çərçivəsində gənclər pul, qənaət, xərc, sərmayə, büdcə, kredit kimi konseptlər haqqında biliklər əldə edəcəklər.
Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan Uşaq Fondunda ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə hazırlıq görülür. Hazırda “Heydər Əliyevlə bağlı xatirələr” kitabının rus dilindən Azərbaycan dilinə tərcüməsi üzərində işlər aparılır. Kitabda sadəcə Fondun yaranma tarixi deyil, həmçinin Heydər Əliyevin uşaqlara olan münasibətdən də geniş bəhs edilib.
Qeyd edək ki, Azərbaycan Uşaq Fondunun rəsmi saytı üç dildə fəaliyyət göstərir:
Azərbaycan dilində: https://www.azuf.az/
Rus dilində: https://www.azuf.az/ru
İngilis dilində: https://www.azuf.az/en
Fondu sosial şəbəkələrdə izləyin: