top of page

“Cavad Tağızadə: Musiqi — uşağın iç səsi”

  • byramazanova2004
  • Oct 14
  • 3 min read

ree

1. Cavad bəy, musiqinin uşaqlara təsiri mövzusuna marağınız necə yarandı?

Musiqinin uşaqlara təsiri mövzusuna marağım nəzəriyyədən deyil, müşahidədən yarandı. Uşağın səsə reaksiyasını görəndə – sanki o, səsi analiz etmir, onu yaşayır – mənə aydın oldu ki, musiqi sözlərdən daha dərin təsir göstərir. Zamanla başa düşdüm ki, bu, sadəcə estetik bir təcrübə deyil, diqqətin, emosional intellektin və daxili intizamın formalaşması üçün bir vasitədir. O andan etibarən musiqi mühitinin inkişaf alətinə çevrilə biləcəyini araşdırmaq mənim üçün vacib oldu. Beləcə şəxsi müşahidə peşəkar marağa çevrildi.

2. Təcrübənizdə musiqinin uşağa emosional, psixoloji və ya inkişaf baxımından kömək etdiyini ilk dəfə açıq şəkildə gördüyünüz bir hadisə olubmu?

Düzünü desəm, musiqinin uşağa kömək etdiyini ilk dəfə işimdə deyil, özümün içimdə gördüm. Uşaqlıqda elə dövrlər olurdu ki, özümü digərlərindən, hətta özüm­dən belə uzaq hiss edirdim. O zaman sadəcə ifa edirdim — kiməsə görə deyil, məqsəd üçün də yox — sadəcə səs vasitəsilə danışmaq üçün. Bu gün uşaqlarla işləyəndə də tez-tez onlarda eyni halı görürəm — onlara başa salmağa çalışıram ki, sözlə ifadə edə bilmədiklərini səs vasitəsilə çatdıra bilərlər. Məncə, elə buna görə də o anı çox dərindən hiss edirəm — uşaq birdən-birə öz səsini tapanda. Bu, mənim üçün texnika və ya terapiya deyil, ruhun musiqi vasitəsilə yaşama formasıdır.

3. Sizcə, uşaqların musiqini qavraması böyüklərdən nə ilə fərqlənir?

Qısaca cavab verim: saflıqla.

4. Təcrübənizə əsasən, hansı musiqi janrları və ya alətləri uşaqlara daha çox müsbət təsir göstərir — sakitləşdirir, ilham verir və ya emosiyalarını ifadə etməyə kömək edir?

Burada resept yoxdur. Bəlkə də skripkaçı olduğuma görə deyərdim skripka, amma hər kəs öz səsini tapa bilər.

5. Fərqli yaş qruplarına aid uşaqların musiqini qavramasında fərqlilik müşahidə etmisinizmi — məsələn, məktəbəqədər uşaqlarla yeniyetmələr arasında?

Bəli, fərqli yaş qruplarına aid uşaqların musiqini qavramasında həm fizioloji, həm də psixoloji baxımdan ciddi fərqlər müşahidə olunur. Məktəbəqədər uşaqlarda əsasən hissi-hərəkətli qavrama üstünlük təşkil edir: səsi bədən vasitəsilə, hərəkət, ritm və nəfəs yolu ilə yaşayırlar. Onlar üçün musiqi prosesi oyundan ayrı olmayan bir emosional ifadə formasıdır. Reaksiyaları spontan, bütöv və çox vaxt sözlə müşayiət olunmur. Yeniyetmələrdə isə artıq idrak-assosiativ mərhələ başlayır. Musiqi onlarda şəxsi hisslərlə, kimliklə və sosial təcrübə ilə əlaqələnir. Onlar sadəcə eşitmək yox, anlamaq istəyirlər — mətn, obraz və janr konteksti vasitəsilə. Pedaqoji təcrübədə bu, fərqli yanaşma tələb edir: kiçik uşaqlarla bədən və emosional iştirak vacibdirsə, böyüklərdə analitik və reflektiv dinləməni stimullaşdırmaq lazımdır. Beləliklə, musiqi universal vasitə olaraq qalır, amma onunla qarşılıqlı əlaqə uşağın emosional və idrak yetkinliyi ilə dəyişir.

ree

6. Musiqinin xüsusi ehtiyacı olan uşaqlara — məsələn, nitq pozğunluğu, ünsiyyət çətinliyi və ya hiperaktivlik yaşayanlara necə kömək edə biləcəyini düşünürsünüz?

Musiqi xüsusi ehtiyacı olan uşaqlara kompleks təsir göstərir — eyni anda hiss, hərəkət və emosional kanalları aktivləşdirir. Nitq pozğunluğu olan uşaqlar üçün musiqi məşqləri, oxuma və ritmik oyunlar artikulyasiyanı inkişaf etdirir, söz ehtiyatını artırır və nitqin sürətini tənzimləyir. Ünsiyyət çətinliyi olan uşaqlar üçün isə birgə musiqi fəaliyyəti struktur yaradır — uşaq dinləməyi, növbəsini gözləməyi və emosiyalarını səs və hərəkətlə ifadə etməyi öyrənir. Musiqi burada qeyri-verbal ünsiyyət vasitəsinə çevrilir, gərginliyi azaldır və iştirak hissini artırır. Hiperaktiv uşaqlar üçün isə bu, özünü tənzimləmə vasitəsidir: ritmik hərəkətlər, təkrarlanan musiqi strukturları və improvizasiya enerjini yönləndirir, diqqəti artırır və impulsivliyi azaldır. Bu təsiri praktiklər də təsdiqləyir. Məsələn, “Sony” şirkətinin həmtəsisçisi olan yapon mühəndisi Masaru İbuka “Üç yaşdan sonra artıq gecdir” adlı kitabında musiqinin oğlu üçün necə faydalı olduğunu yazır. Klassik musiqinin müntəzəm dinlənməsi uşağın nitqini və emosional vəziyyətini yaxşılaşdırıb. Pedaqoji praktikada bu, fərdi yanaşma tələb edir: musiqi universal vasitə deyil, amma düzgün uyğunlaşdırıldıqda inkişaf, ünsiyyət və emosional dəstək üçün təhlükəsiz bir mühit yaradır.

7. Sizcə, xalq və ənənəvi musiqi uşaqlara klassik musiqi qədər müsbət təsir göstərə bilərmi?

Hər bir musiqi, əgər yüksək səviyyədə və keyfiyyətli şəkildə ifa olunursa, mənşə ölkəsindən asılı olmayaraq, terapevtik təsir gücünə malikdir. Musiqi nə qədər mürəkkəbdirsə, təsiri bir o qədər güclüdür.

8. Valideynlərə nə tövsiyə edərdiniz: musiqidən uşağın gündəlik həyatında düzgün şəkildə necə istifadə etmək olar ki, o, inkişafına və emosional sağlamlığına kömək etsin?

Valideynlərə məsləhətim budur ki, musiqidən sadəcə fon səsi kimi deyil, uşağın inkişafı üçün aktiv və strukturlaşdırılmış bir vasitə kimi istifadə etsinlər. Müntəzəm birgə dinləmə, oxuma, ritmik oyunlar və alət üzərində məşğələlər diqqəti, emosional sabitliyi və özünü tənzimləmə bacarıqlarını formalaşdırır. Əsas odur ki, uşaq səsi passiv şəkildə deyil, aktiv şəkildə yaşasın: ritm tutsun, melodiyanı təkrarlasın, öz motivlərini yaratsın. Bu, eşitmə, nitq, təxəyyül və emosional ifadə qabiliyyətini inkişaf etdirir. Musiqi uşağın hələ sözlə ifadə edə bilmədiyi hissləri çatdırmaq üçün bir “dil” ola bilər. Bunun üçün müxtəlif janr və üslublardan istifadə etmək, temp və emosional tonallığı dəyişmək, uşağın reaksiyasını müşahidə etmək vacibdir. Ən əsası isə — musiqiyə şüurlu yanaşmaq, uşağı müşahidə etmək və onun üçün səsi sevinc və inkişaf mənbəyinə çevirməkdir.

Cavad Tağızadə haqqında

Cavad Tağızadə — 14 ölkədə və üç qitədə fəaliyyət təcrübəsinə malik dirijor, musiqiçi və prodüserdir.

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page