top of page

DƏHP: uşaqlarda çətinliklər və effektiv yanaşmalar

  • byramazanova2004
  • Sep 28
  • 4 min read

Updated: Oct 4

ree

Aydan Hacıyeva - psixoloq, psixoterapevt

1. DƏHP nədir və onu adi uşaqlara xas hərəkətlilik və şıltaqlıqdan necə fərqləndirmək olar?

Bu çox aktual mövzudur, çünki son zamanlarda “hiperaktivlik” anlayışı hər hansı səs-küylü, aktiv və ya sözə baxmayan uşağa asanlıqla “yarlıq” kimi yapışdırılır.

Biz DƏHP fərqlərini üç əsas meyar üzrə nəzərdən keçirə bilərik: diqqətsizlik, impulsivlik və hiperaktivlik.

DƏHP-li uşaq maraqlı tapşırıqlarda belə diqqətini toplaya bilmir, başladığını yarımçıq buraxır, verilən təlimatları unudur. Aktiv uşaq isə diqqəti yayına bilər, amma maraqlandıqda və ya ona xatırladıldıqda işinə geri dönə bilir.

Impulsivlik DƏHP-li uşaqlarda bütün davranışlarda özünü göstərir: başqalarının sözünü kəsmək, növbə gözləyə bilməmək, oyunlara yerli-yersiz müdaxilə etmək. Aktiv uşaqlarda da bunları müşahidə edirik, amma onlara xatırladıldıqda davranışlarını dayandıra bilirlər.

Hiperaktivlik daim hərəkətdə olmaq, sakit otura bilməmək, daima “tərpənmək” kimi özünü göstərir. Aktiv uşaqlar da çox hərəkətli ola bilərlər, amma lazım olduqda və ya maraqlandıqda sakitcə otura bilirlər.

Ümumiləşdirsək: DƏHP-li uşaq davranışlarını nə qədər çalışsa da idarə edə bilmir, aktiv uşaq isə istəsə və düzgün motivasiya olunsa, bunu bacarır.

2. DƏHP-li uşaqlar məktəbdə ən çox hansı çətinliklərlə üzləşirlər?

Birinci suala davam olaraq, DƏHP-li uşaqların bağçada və məktəbdə necə çətinlik çəkdiklərini təsəvvür etməyimizi istərdim. Mən diqqəti təsvir etmək üçün proyektor (işıq) metaforasını çox sevirəm. Normalda proyektor (diqqət) səhnəyə yönəlir və orada hadisələr baş verir (kimsə bizimlə danışır, musiqi dinləyirik, kitab oxuyuruq). Diqqət çatışmazlığında isə bu proyektor daima hərəkət edir və səhnədə hər şey görünür: qapı arxasındakı səs, parta yoldaşı, maraqlı şəkil və s.

Böyüklər çox vaxt düşünürlər ki, uşaq bunu idarə edə bilər və əsəbiləşib qışqırırlar, danlayırlar. Belə münasibət isə uşağın motivasiyasını daha da azalda və dərs uğurlarına mənfi təsir göstərə bilər. Bundan əlavə, digər uşaqlar da ona qarşı pis münasibət göstərə bilərlər və nəticədə uşaq məktəbə getmək istəmir, davranışları pisləşir və ümumi göstəriciləri daha da aşağı düşür.

3. İlk əlamətlər adətən hansı yaşda özünü göstərir?

DƏHP-nin erkən əlamətləri artıq 2–3 yaşda görünə bilər: sakit oyunlarda iştirak edə bilmir, tez dəyişir, başladığını yarımçıq qoyur, yuxusu pozulur, təlimatları yadda saxlamaqda çətinlik çəkir. Amma valideynlər üçün çətinliklər daha aydın şəkildə uşaq məktəbə gedəndə başlayır, çünki orada oturmaq, dinləmək və tapşırıqları yerinə yetirmək tələb olunur.

4. DƏHP-in inkişafına əsas hansı amillər təsir göstərir? Bu, genetika, mühit, tərbiyə, yoxsa bunların vəhdətidir?

Müasir tədqiqatlar göstərir ki, DƏHP-nin inkişafında əsas rolu genetik faktor oynayır. Həmçinin prenatal və ya perinatal faktorlar (siqaret, alkoqol, vaxtından əvvəl doğum, çətin doğuşlar) da önəmlidir.

Sosial mühiti də qeyd etmək lazımdır. DƏHP-nin özü ailədaxili münaqişələrdən və ya stresdən yaranmır, amma bunlar onun əlamətlərini gücləndirə bilər.

5. Valideynlər uşaqlarının diaqnostikadan keçməli olduğunu necə başa düşə bilərlər?

Diaqnostika o zaman lazımdır ki, uşağın davranışları yaşına uyğun olmayan səviyyədə olsun və bu, təhsilə, ünsiyyətə və gündəlik fəaliyyətə mane olsun.

Mütəxəssisə müraciət etmək lazımdırsa:

* uşaq daim diqqətsiz, unutqan olur, əşyalarını itirir və böyüklərin köməyi ilə belə diqqətini toplaya bilmir;

* impulsivlik və hiperaktivlik onun dərslərə və oyunlara qatılmasına mane olur;

* çətinliklər həm evdə, həm də məktəbdə özünü göstərir;

* müəllimlər uşaqla yaşıdları arasında ciddi fərqlər olduğunu qeyd edirlər.

Əsas siqnal — tək-tük dəcəllik yox, təkrar-təkrar görünən və inkişafı əngəlləyən davranış nümunələridir.

6. Belə uşaqların dərslərdə və ev tapşırıqlarında daha yaxşı cəmlənməsinə hansı

ree

üsullar kömək edə bilər?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, işləri təxirə salmağın əsas səbəblərindən biri budur: əgər tapşırıq bizə çox çətin və ya çox asan görünürsə, onu yerinə yetirmək motivasiyamız kəskin azalır. DƏHP-li uşaq üçün “bütün ev tapşırığını et” — çox böyük və çətin bir iş kimi görünür və buna görə də başlamır. Daha effektiv üsul tapşırığı kiçik, sadə və yerinə yetirilə bilən hissələrə bölməkdir. Hər hissəni etdikdən sonra qısa aktiv fasilələr etmək: qaçmaq, musiqi altında rəqs etmək, hərəkətli oyunlar oynamaq və s.

Həmçinin qısa intervallar qaydasını istifadə etmək olar. Uşağı bir saat oturmağa məcbur etmək — DƏHP-li üçün demək olar ki, mümkün deyil, amma 10 dəqiqə məşğul olub 3–5 dəqiqə fasilə vermək mümkündür. Sonra intervalı artırmaq olar. Əgər görürüksə ki, 10 dəqiqə də uşaq üçün çətindirsə, 5 dəqiqədən başlamaq olar.

Uşağa təlimatlar mütləq dəqiq və strukturlu verilməlidir. Çox vaxt böyüklər uşağa uzun işlər siyahısı deyirlər, uşaq qulaq asmır və böyüklər əsəbiləşir. Burada əsas məsələ diqqətin həcmi ilə bağlıdır. Əgər qısa tapşırıq versək və onun tamamlanmasını gözləsək — uşaq effektiv şəkildə öhdəsindən gələ bilər.

Həmçinin biz həmişə tapşırıq planlayıcısı aparmağı tövsiyə edirik. Uşaqla birlikdə ən gözəlini seçmək, stikerlər almaq və motivasiya yaratmaq olar. Belə bir cədvəli ən görünən yerə, məsələn, soyuducuya yapışdırmaq olar. Əvvəlcə 3–5 vacib vərdiş seçmək və yazmaq lazımdır. Daha sonra hər axşam uşaq öhdəsindən gəlibsə, üstünə işarə qoymaq və ya stiker yapışdırmaq olar. Vərdiş avtomatik olduqda, onu yenisi ilə əvəz etmək olar.

Ən vacibi odur ki, bu iş əvvəlcə çətin görünsə də, sistematik şəkildə aparıldıqda mütləq yaxşı nəticələr verir, uşağın dərs oxumağına, gündəlik işlərini strukturlaşdırmasına kömək edir və emosional gərginliyi azaldır.

7. Belə uşaqlar üçün gün rejimi və fiziki aktivlik nə dərəcədə vacibdir?

Gün rejimi və fiziki aktivlik ümumiyyətlə uşaqlar üçün vacibdir, amma DƏHP-li uşaqlar üçün xüsusilə əsas faktordur.

Gün rejimi uşaqlarda narahatlığı azaldır və davranışı strukturlaşdırmağa kömək edir. Buraya yuxu və aktivlik də daxildir.

Yuxusuzluq DƏHP simptomlarını gücləndirir: uşaq daha da diqqətsiz, impulsiv və əsəbi olur. Buna görə də eyni vaxtda yatmaq və oyanmaq çox önəmlidir.

İdman və hərəkət isə dopamin və serotonin səviyyəsini tənzimləyir — DƏHP-li uşaqlarda bu neyromediatorların fəaliyyəti fərqli işləyir.

8. DƏHP-də effektiv dərmansız kömək üsulları mövcuddurmu?

Bəli və araşdırmalar göstərir ki, ən yaxşı nəticə o zaman alınır ki, yanaşma kompleks şəkildə qurulur, yəni dərman müalicəsi, psixoloji dəstək və ailə ilə düzgün iş birləşdirilir.

Effektiv metod olaraq isə bunları sadalaya bilərik:

* Davranış terapiyası – uşağa özünü idarə etməyi, vərdişlər formalaşdırmağı öyrədir. Əsasən müsbət motivasiya üzərində qurulur.

* Koqnitiv-davranış terapiyası (KDT) – xüsusən böyüklərdə plan qurmaq, emosiyaları idarə etmək, vəziyyətlərə düzgün reaksiya verməyi gücləndirir.

* Valideynlərin öyrədilməsi – valideynlərə uşağa necə düzgün yanaşmaq lazım olduğunu göstərir.

* Oyun və art-terapiya – uşaq oyunda və yaradıcılıqda hisslərini ifadə etməyi, gərginliyi boşaltmağı öyrənir.


Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page