Uşaqlarda İmmunitet və Sağlamlıq üzrə Suallar
- byramazanova2004
- Nov 9
- 3 min read
1. Bədən əvvəllər qarşılaşdığı virusları “necə xatırlayır” və bu, immunitet üçün niyə vacibdir?Bədən əvvəllər qarşılaşdığı virusları immun yaddaş hüceyrələri vasitəsilə “xatırlayır”. Bu hüceyrələr həmin virusun antigenlərini tanıyaraq gələcəkdə daha sürətli və effektiv müdafiə yaradır. Bu mexanizm təbii və ya peyvəndlə əldə edilən immunitetin əsasını təşkil edir.
2. Dərman preparatlarından istifadə etmədən immuniteti qidalanma, gün rejimi, vərdişlər və uşağın emosional vəziyyəti vasitəsilə dəstəkləmək mümkündürmü?Bəli, immuniteti dərmanla deyil, sağlam həyat tərzi ilə gücləndirmək mümkündür. Tam dəyərli qidalanma, müntəzəm yuxu, fiziki aktivlik və emosional sabitlik immun sistemin balanslı işləməsinə kömək edir. Uşağın sevgi və təhlükəsizlik hissi də hormonal və immun tarazlığı qoruyur.
3. Niyə bəzi uşaqlar infeksiyaları daha yüngül keçirir, digərləri isə onlara daha həssas olur?Uşaqların infeksiyalara fərqli həssaslığı onların genetik xüsusiyyətləri , qidalanma səviyyəsi, peyvəndlənməsi və keçirdiyi xəstəliklərlə bağlıdır. Eyni zamanda, xroniki yorğunluq və stress kimi amillər immun cavabı zəiflədə bilər. Güclü immun sistemi olan uşaqlar patogenlərlə daha tez və asan mübarizə aparır.
4. Yoluxma riskini azaltmaq üçün böyüklərin bilməli olduğu gündəlik vəziyyətlər varmı və bunu uşaqlara necə izah etmək olar?Yoluxma riskini azaldan gündəlik vərdişlərə əllərin tez-tez yuyulması- əl gigiyenası , şəxsi əşyaların paylaşılmaması və öskürmə və asqırma zamanı müvafiq qaydalara əməl edilməsi etiketi daxildir. Uşaqlara bunu sadə dildə “mikroblar görünmür, amma bizə təsir edə bilər” kimi izah etmək effektivdir. Məsələləri oyun və nümunə yolu ilə anlatmaq onların davranışına daha çox təsir göstərir.
5. Yuxu, fiziki aktivlik və qidalanma niyə immunitetə bu qədər güclü təsir göstərir?Yuxu zamanı bədən immun hüceyrələrinin bərpasını təmin edir, fiziki aktivlik qan dövranını və maddələr mübadiləsini gücləndirir. Qidalanma isə immun hüceyrələr üçün enerji və mikroelement mənbəyidir. Bu üç amil birlikdə orqanizmin müdafiə sisteminin effektivliyini müəyyən edir.
6. Mikroblar və xəstəliklər barədə ən çox rast gəlinən miflər hansılardır və bunlar valideynlərin uşaqlara düzgün qayğı göstərməsinə necə mane olur?Ən çox rast gəlinən miflərdən biri “uşağın xəstələnməsi immuniteti gücləndirir” və ya “antibiotiklər həm də virusa təsir edir” fikridir. Bu yanlış inanclar vaxtında həkimə müraciəti gecikdirə və lazımsız dərman istifadəsinə səbəb ola bilər. Elmə əsaslanan məlumat valideynin düzgün qərar verməsinə imkan yaradır.
7. Uşaqlar üçün hansı peyvəndlər xüsusilə vacibdir?Uşaqlar üçün ən vacib peyvəndlərə polimielit , hepatit B, DTP (difteriya, tetanus, göyöskürək), MMR (qızılca, məxmərək, parotit ) və s peyvəndlər daxildir. Bu peyvəndlər həm fərdi, həm də kütləvi immunitetinin qorunmasında mühüm rol oynayır. Peyvəndlənmə cədvəlinə əməl etmək uşağın sağlam gələcəyi üçün vacibdir.
8. Əgər uşaq həkimdən və ya tibbi prosedurlardan qorxursa, onunla necə ünsiyyət qurmaq lazımdır?Uşaq həkimdən qorxursa, onunla empatiya qurmaq, sadə dillə nə baş verəcəyini izah etmək və diqqətini pozitiv şeyə yönəltmək lazımdır. Uşağa “həkim sənə kömək etmək üçündür” mesajı verilməlidir. Valideynin sakit və inamlı davranışı uşağa da eyni emosional rahatlıq bəxş edir.
9. Valideynlərin və ya tərbiyəçilərin gündəlik kiçik vərdişlərindən hansılar mikrobların yayılma riskini real şəkildə azaldır?Əllərin sabunla yuyulması, oyuncaq və səthlərin mütəmadi təmizlənməsi, xəstəlik zamanı yaxın təmasdan çəkinmək infeksiya riskini real şəkildə azaldır. Həmçinin, uşaqlara öskürmə və asqırma zamanı gigiyena qaydaları, həmçinin əl gigiyenası qaydaları öyrədilməlidir. Bu sadə vərdişlər kollektiv mühitdə mikrobların yayılmasının qarşısını alır.
10. Uşaqlar üçün gigiyena qaydalarını onların həqiqətən əməl edə biləcəyi şəkildə necə uyğunlaşdırmaq olar?Uşaqlara gigiyena qaydalarını oyun, rəsm və ya mahnı vasitəsilə öyrətmək onların diqqətini cəlb edir və davranışa çevrilir. Məsələn, əlləri yuma zamanı saymaq və ya rəngli sabunlardan istifadə prosesi əyləncəli edir. Gigiyenanı qorumaq məsuliyyət yox, gündəlik vərdiş kimi aşılanmalıdır.

Nazxanım Qasımova haqqında
Nazxanım Qasımova hazırda Azərbaycan Tibb Universitetinin Epidemiologiya və Biostatistika kafedrasında assistent və Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzində protokol üzrə menecer kimi fəaliyyət göstərir. O, bir sıra dövlət və özəl tibb müəssisələrində həkim-infeksionist kimi çalışmış, xəstəxanadaxili infeksion nəzarət sistemlərinin yaradılması və idarə olunması sahəsində fəaliyyət göstərmişdir. Nazxanım Qasımova Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Klinik Tibbi Mərkəzdə rezidentura təhsili almış və Türkiyənin İstanbul Medeniyet Universiteti Göztepe Eyitim və Araşdırma Xəstəxanasında infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanlıq dərəcəsi əldə etmişdir. O, beynəlxalq tibb proqramlarında iştirak etmiş, elmi çıxışları ilə həm yerli, həm də beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmişdir.



