Sima Missiyası
- byramazanova2004
- 2 days ago
- 1 min read

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA missiyası” adlı texnoloji nağıl kitabının Bakı Marionet Teatrında təqdimat mərasimi keçirilib.
Layihə ibtidai sinif şagirdlərinin rəqəmsal savadlılığının artırılması, internet təhlükəsizliyi üzrə düzgün davranış vərdişlərinin formalaşdırılması və müasir texnologiyalardan məsuliyyətli istifadənin təşviqi məqsədilə həyata keçirilib. Kitab uşaqlara rəqəmsal mühitin əsaslarını sadə, maraqlı və anlaşılan dildə çatdırmaqla onların texnologiyaya düzgün yanaşmasını formalaşdırmağı hədəfləyir.

Kitab Azərbaycan Uşaq Fondunun sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riadın müəllifliyi ilə hazırlanıb. Nəşrin illüstrasiyaları rəssam Maryam Kiblayeva tərəfindən işlənib və kitab “Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” adlı üç hekayədən ibarətdir.
Təqdimat mərasimində müxtəlif dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri, eləcə də internat məktəblərində təhsil alan uşaqlar iştirak ediblər. Tədbir Bakı Marionet Teatrının səhnəsində keçirilərək uşaqlar üçün xüsusi, yaradıcı və interaktiv mühit yaradıb.

Azərbaycan Uşaq Fondunun fəaliyyətində uşaqlar arasında rəqəmsal maarifləndirmənin və müasir biliklərin inkişafı prioritet istiqamətlərdən biridir. Zəngin illüstrasiyalarla hazırlanmış və “TEAS Press” nəşriyyatı tərəfindən 1500 tirajla çap olunan kitab Fondun xətti ilə internat məktəblərinə, uşaq evlərinə və ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim ediləcək.

Azərbaycan Uşaq Fondu uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş sosial və maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirərək, onların müasir cəmiyyətə uğurlu inteqrasiyasına töhfə verməyi qarşıya məqsəd qoyur.



