Azərbaycan Uşaq Fondu Sədrinin birinci müavini və İcraçı direktoru Zəhra Bədəlbəyli Baku TV-nin qonağı olub.
O, Fondun gələcək planlarından, uşaqların sağlamlığı, təhsili və mədəniyyət sahəsində həyata keçirilmiş maarifləndirici layihələrdən danışaraq, maraqlı təkliflər irəli sürüb, eləcə də, Fondun əsas priotitet istiqamətlərini açıqlayıb.
Müasir uşaqların həddindən artıq yaradıcı təfəkkürə sahib olduqlarından bəhs edən Zəhra Bədəlbəyli “Mədəni ol” qlobal layihəsindən də danışıb:
“Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının keçirilməsi sevindirici haldır. Fond olaraq, təşkilati işlərə qoşulacağıq. Bu festival istedadlı uşaqların aşkarlanmasında çox böyük kömək olacaq. Çox istərdim ki, uşaq evləri və sığınacaqdan olan uşaqlar da bu festivala qoşulsun. Çünki əminəm ki, onların da arasında istedadlı uşaqlar var”.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə hazırlıqla bağlı Z.Bədəlbəyli qeyd edib:
“Əlbəttə ki, Fond olaraq yubileyə hazırlaşırıq. Məhz Azərbaycanda Uşaq Fondunun yaradılması ideyasının həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğu üçün onunla bağlı daha ətraflı bəhs etmək istərdik. Hazırda “Heydər Əliyevlə bağlı xatirələr” kitabının rus dilindən Azərbaycan dilinə tərcüməsi üzərində çalışırıq. Kitabın məhz bu il işıq üzü görməsini istərdik. Kitabda sadəcə Fondun yaranma tarixi deyil, həmçinin Heydər Əliyevin uşaqlara olan münasibətdən də geniş bəhs edilib”.
Daha ətraflı linkə keçid etməklə tanış ola bilərsiniz: