top of page

Uşaqları “ağ ölüm”ün qaranlıq dünyasından necə xilas etməli?

Bəşəriyyətin ən qorxulu problemi – narkomaniya və ya “ağ ölüm” gənclər arasında sürətlə yayılmağa başlayıb. Xüsusilə də, 13-19 yaşlı yeniyetmə narkomanların sayının ildən-ilə artması da narahatlıq doğuran problemdir. Bu səbəbdən də, valideynlərin xüsusilə ayıq-sayıq olmalarına diqqət çəkilməlidir.


Bildiyiniz kimi, Azərbaycan Uşaq Fondu olaraq narkotik və psixoaktiv vasitələrdən istifadəyə qarşı mübarizə xarakterli silsilə layihələr hazırlayaraq, valideynləri, xüsusilə gənc nəsli maarifləndirməyə çalışırıq.


Bugünkü həmsöhbətimiz Bakı Şəhər Narkoloji Dispanserinin psixoloqu Günay Babayeva yeniyetmələrdə narkotik vasitələrdən asılılığı müəyyən etmək üçün fikir və tövsiyyələrini bizimlə bölüşüb.


- Yeniyetmənin narkotik qəbul etdiyini necə anlamaq olar?


Yetkinlik yaşına çatmayanların narkomaniyadan müalicəsinin uğurlu olması onun hansı mərhələdə başlamasından asılıdır. Belə ki, narkotikdən asılılığı mümkün qədər erkən aşkarlamaq çox vacibdir. Bu zaman uşağın da bu problemdən qurtulma şansı daha yüksək olur.


Yeniyetmənin narkotiklə bağlı problemi olduğunu başa düşmək üçün valideynlər aşağıdakı əlamətlərlə diqqət yetirməlidirlər:


Əhval-ruhiyyənin dəyişkənliyi. Yeniyetmənin emosional vəziyyətinin dəyişməsinə nəyin təsir etdiyini bilmək olmur. Belə ki, bir saat ərzində o, şən, sevincli olduğu halda, qəfildən hər kəsə qışqırmağa başlaya bilər.


Gündüzlər əzgin və yuxulu, gecələr isə yuxusuz. Adətən narkomanlar gecə ilə gündüzü qarışdırırlar. Buna görə də, onların fiziki vəziyyəti pisləşir, əmək qabiliyyəti zəifləyir.


İştahanın itməsi və ya əksinə, kəskin artması. Şirniyyata meyillilik.


Hərəkət koordinasiyasında pozğunluq. Yeniyetmə hərəkət edən zamanı titrəyir, əl hərəkətləri xaotik olur. Elə təəssürat yaranır ki, sanki o, öz bədənini idarə edə bilmir.


Genişlənmiş və ya kiçilmiş göz bəbəkləri. Bu, narkotik asılılığı müəyyən etməyin ən asan simptomudur.


Aşkar xarici təzahürlərdən biri – yeniyetmə narkomanlara xas jarqondan istifadə etməyə başlayır. Telefonda danışarkən başqalarının onu eşitməməsi üçün sakit səslə danışır. Tez-tez qəribə insanlarla ünsiyyət qurur. Daim evdən pul istəyir və ya borcu olduğunu söyləyir.



- Övladının narkoman olduğunu aşkar edən valideynlər nə etməli?


İlk növbədə valideynlər təlaşa düşməməli, ətrafdakılar “nə deyər” fikrinə deyil, övladına necə kömək etməsilə bağlı düşünməlidir. Onunla səmimi söhbət etməli, övladının hansı narkotik vasitədən istifadə etdiyini və nə vaxtdan bəri buna başladığını öyrənməyə çalışmalıdır.

Övladına yaxın olmaq üçün onunla daha çox zaman keçirməlidir. Uşağının maraq dairəsi üçün onu müxtəlif məşğuliyyətlərə yönləndirməlidir (idman, əsasən də su idmanı, tennis, rəsm, şahmat və s.) Bununla yanaşı, yeniyetmənin qidalanmasına da xüsusilə fikir verilməlidir.


Bəzən yeniyetmə ilə dialoq qurmaq alınmır, bu zaman onunla birlikdə psixoterapevtin və ya psixoloqun qəbuluna getmək olar. Bu mütəxəssislər valideyn-uşaq münasibətlərini yaxşılaşdırmağa və narkotik asılılığın nə qədər irəli getdiyini başa düşməyə kömək edəcəklər.



- Yeniyetmələrdə narkomaniyadan asılılığı hansı şəraitdə müalicə etmək olar?


Bu problemin aradan qaldırılması üçün həm həkim, həm də psixoloji dəstək bərabər şəkildə aparılmalıdır. Eyni zamanda yeniyetmənin müalicəsinin narkoloji klinikada aparılması daha məqsədəuyğundur. Belə ki, narkomanlığın ev şəraitində müalicə etmək mümkün deyil. Kompleks terapiya xəstəxanada aparılmalıdır. Klinikada narkoman daim həkim nəzarətində olur. Çünki yeniyetmə ağrılara müqavimət göstərmək gücünə malik deyil.


Sonda qeyd edək ki, Azərbaycan Uşaq Fondu olaraq “Sevgi, qayğı, diqqətimizlə – uşaqları qoruyaq!” şüarı altında valideynləri övladlarını “ağ ölüm”ün cəngindən xilas etməyə çağırırıq.


Gəlin birlikdə “ağ ölüm”ə “YOX” deyək!



Comments


bottom of page