Yeniyetmə özündə tapa bilmədiyi cəsarətsizliyi psixoaktiv maddədə tapır – Psixoloq
- Samira 1news
- Mar 30, 2023
- 3 min read
Günümüzdə narkotik və ya psixoaktiv maddələr əsas təhlükə mənbəyidir. Belə ki, bu vasitələrin yayılma arsenalı genişdir. Hər bir valideyn övladını kiçik yaşlarından pis vərdişlərdən, alkoqoldan, narkomaniyadan qorumağa çalışır, lakin uşaq sadəlövhlüyü onu yoldan çıxarır.

Narkomaniya erkən ölüm və ya yoluxucu xəstəliklərə yoluxma ilə nəticələnən dəhşətli fəsadlara malikdir. Təəssüf ki, uşaqlar arasında narkomaniyanın sayı gündən-günə artmaqda davam edir. Bu səbəbdən də, mütəxəssislər narkomaniya ilə bağlı müvafiq tədbirlərin görülməsinin, onun hərtərəfli müalicəsinin dərhal başlamanılmasını qeyd edirlər.
Müsahibimiz Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevin fikrincə, narkomaniya ilə mübarizədə daha effektiv nəticələr əldə etmək üçün ilk öncə asılılıq sözünün mahiyyətinə varılmalıdır:
“Asılılıq cəmiyyətimizdə düzgün dəyərləndirilməyən bir anlayışdır. Yəni doğru bildiyimiz yalnış amillər burada çoxdur. Bəzi şəxslər buna iradəsizlik, bəziləri gücsüzlük, cinayi davranış kimi baxır, əxlaqi kodeksdən yanaşanlar da var. Lakin elmi yanaşmalar onu göstərir ki, asılılıq beynimizin neyro-kimyəvi pozuntusunda yaranan xroniki beyin xəstəliyidir. Yəni biz, asılılığa xəstəlik prizmasından baxdığımız zaman peşəkar yanaşma tərzimiz də buna uyğun olaraq formalaşır. Ona görə də asılılığın yaranma mexanizmi əslində beyin funksiyalarının inkişafı ilə əlaqələndirilir. Bildiyiniz kimi, beyin 3 hissədən ibarətdir: arxa beyin, orta beyin və ön beyin. Arxa beyin doğulduğumuz vaxtdan etibarən inkişaf etmiş olur, insanın yaşamaq mübarizəsini təmin edir.
Müəyyən yaşdan sonra, bu dövr gənclik yaşlarına təsadüf edir, emosional beyin adı verdiyimiz orta beyin aktiv olur. Bu dövrdə verilən qərarların heç birinin rasional, yəni məntiqi əsası olmur. Statistika da göstərir ki, narkotik maddəyə meyilli olan şəxslərin 82-85%-i məhz yeniyetmə yaşlarına təsadüf edir. Yəni onlar bu davranışın sonunu, sağlamlığa vurduğu zərəri, dağıdıcı faktorları düşünmədən addım atırlar. Asılılığın irəliləyən formasında əziyyət çəkdikdə isə, geriyə addım atmaq olmur. Psixoloq kimi birinci amil kimi bunu dəyərləndirirəm”.
“Bundan əlavə, dost çevrəsi, maraq dairəsi, özünü tapma istəyi digər amildir. Bilirik ki, maddə asılılığı çox insanda xarakter, temperament, iradə, güc fonunda dəyərləndirilsə də, lakin mənə görə maddə asılılığı ehtiyacımız olmayan nəyinsə ehtiyac halına çevrilməsidir. Şəxs özündə tapa bilmədiyi hər hansı bir hissi – gücsüzlük, sevgisizlik, cəsarətsizliyi və s. psixoaktiv maddədə tapır. Bu da beyni aldadaraq, həmin davranışı rasional davranış kimi proqramlaşdırır”, - deyə psixoloq Ramin Allahverdiyev sözlərinə əlavə edir.
Psixoloq qeyd edir ki, şəxsin qəbul etdiyi maddənin növünə, müddətinə, sıxlığına, miqdarına uyğun olaraq onda bir sıra dəyişikliklər meydana gəlir:
“Belə ki, elə narkotik vasitələr var ki, onun insanda yaratdığı simptomlar fərqlidir. Və ya elə narkotik maddələr var ki, fizioloji olaraq bilinmir, psixoloji faktorlara söykənir. Bu səbəbdən də, valideynlər övladlarındakı dəyişiklikləri hər zaman diqqət mərkəzində saxlamalıdır. Bu dəyişikliklər sosial, psixoloji və fizioloji ola bilər. Sosial dəyişiklər ondan ibarətdir ki, şəxsiyyətlərarası münasibətlərdə münaqişələr yaranır, dost çevrəsində dəyişiklik, dərsə qarşı marağın azalması, davamiyyət problemi, maraqlarında qeyri-sabitlik və s. kimi hallar yaranır.
Psixoloji olaraq özünəqapanma, yalan danışma, depressiya, panik atak və digər şəxsiyyət pozuntuları büruzə verir. Fizioloji olaraq da şəxsdə arıqlama, burun və ağız suyunu saxlaya bilməməsi, göz bəbəklərində genişlənmə və ya kiçilmə, mədə-bağırsaq sistemində problemlər və s. Sadalanan hallar övladımızla bağlı müəyyən fikir irəli sürməyə imkan verir”.
Psixoloq xüsusilə qeyd edir ki, sadalanan simptomların müşahidə olunması yeniyetmənin narkotik vasitələrdən asılı olduğunu tam olaraq göstərmir:
“Bu baxımdan övladımızın üzərinə getmək düzgün olmaz. Davranış üzərindən yanaşmaq lazımdır. Yanaşmaq tərzi də buna uyğun olaraq dəyişməlidir. Çünki bu simptomların nəticəsi narkotik asılılıq çıxmadıqda valideyn-övlad arasında münaqişə yarana bilər”.
“Əgər yuxarıda sadalanan simptomlar övladınızda müşahidə olunarsa, bu zaman mütləq şəkildə mütəxəssisə müraciət edilməlidir. Valideyn ilk olaraq, araşdırma aparmalı, peşəkar mütəxəssisə, dövlət müəsissələrinə müraciət etməlidir. Hazırda həkim, psixoloq, psixo-terapevt adı ilə insanlara qeyri-peşəkar xidmət göstərən dırnaqarası mütəxəssislər də çoxdur. Məsləhət görərdim ki, Respublika Narkoloji Mərkəzində fəaliyyət göstərən narkoloq-həkimlərə müraciət edilsin.
Əgər test nəticəsində yeniyetmənin narkoman olduğu öz təsdiqini taparsa, mütləq şəkildə detoksifikasiya proqramı təyin ediləcək. Yəni toksik maddələrin bədəndən xaric edilməsi və ağrıdan xilas olunması. Daha sonra isə psixoloq və psixo-terapevtlər prosesə daxil olaraq psixoterapiya ilə, eləcə də, şəxsdəki düşüncə və davranışlar ilə narkotik asılılığın aradan qaldırılmasına cəhd göstərilir”.
R.Allahverdiyev bildirir ki, bəzən valideynlər övladının narkotik maddələrdən asılılığını aşkarladıqda, bunu gizlətməyə çalışırlar:
“Bunun əsas faktoru qınaq obyekti olmaq qorxusudur. Lakin bilmək lazımdır ki, bu, xroniki beyin xəstəliyidir. Heç kim, heç nədən sığortalanmayıb. Bu səbəbdən də, övladınıza dəstək olmaq üçün onun mütəxəssisə müraciət etməsi üçün inandırmalısınız”.
Psixoloq xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, narkoloji xidmət heç bir halda özəl sektorda və ya ev şəraitində aparıla bilməz:
“Mütləq şəkildə dövlət nəzdində yerləşəm narkoloji xidmət mərkəzlərində, klinikalarda, stasionar şəkildə həyata keçirilməlidir. Narkotik maddələrdən asılılıq problemi birbaşa dövlətin nəzarəti altında olan məsələdir. Bununla bağlı müəyyən layihələr təşkil olunur, hüquq-mühafizə orqanları, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi bu sahədə vətəndaşları maarifləndirir. Fikrimcə, daxili və xarici resursları aktivləşdirmək lazımdır.
Bu o deməkdir ki, istənilən psixoloji, sosial və fizioloji problemlər hər zaman müşahidə nəzarətimizdə olur. Yəni yeniyetmələr elmə, incəsənətə, idmanla və aktiv işlərlə cəlb edilsin. Valideyn-şagird-müəllim arasında üçbucaq yaradılmalıdır. Şagird hər zaman diqqət mərkəzində olduğunu, ona adekvat davranıldığını, ən əsası, şəxsiyyət kimi dəyərli olduğunu hiss etməlidir. Bu prosesin həyata keçirilməsi onu digər zərərli adətlərdən və narkotik maddə asılığından uzaqlaşdıracaq”.