top of page

“Uşaqlara cəmiyyətimizdə şəxsiyyət kimi deyil, oyuncaq, şəxsi əşya kimi baxırlar”

Azərbaycan Uşaq Fondu Sədrinin birinci müavini və İcraçı direktoru Zəhra Bədəlbəylinin injuria.az saytına verdiyi müsahibəni təqdim edirik:



Zəhra xanım, ilk öncə müsahibəmizi qəbul etdiyinizə görə sizə təşəkkür edirik. Oxucularımıza özünüzü qısa olaraq necə təqdim edərdiniz?

Hazırda Azərbaycan Uşaq Fondu Sədrinin birinci müavini və İcraçı direktor vəzifələrində çalışıram. Həmçinin, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində İctimai əlaqələr üzrə dərs deyirəm. Əlbəttə, öz əsas peşəm – musiqiçi, həmçinin şair və digər yaradıcılıq ilə bağlı fəaliyyətimi davam edirəm.


Biz bilirik ki, siz çox aktiv xanımsınız və keçən ildən etibarən Azərbaycan Uşaq Fonduna Sədr müavini seçildiniz. İlk öncə sizin üçün Fondda hansı istiqamətlər prioritetdir?


Keçən il Fondun Sədrinin birinci müavini seçildim. Bu yaxınlarda da Fondun İcraçı direktoru seçildim, yəni bir yerdə dayanmağın tərəfdarı olmayan bir insan kimi hər zaman inkişafın tərəfdarıyam, xüsusilə də bu, gənc nəsilə istiqamətlənirsə. Əsas istiqamətlər – uşaqların sağlamlığı, bilik səviyyəsinin inkişafı, istedadların üzə çıxarılması və uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Hazırda bizim bir sıra layihələrimiz var. Komandamız gələnə qədər, prinsipcə, heç kim Uşaq Fondu tərəfindən uşaqlara qeyri-adi yardım olunduğunu düşünməyib. Bunlar həm də investisiya cəlbedici layihələrdir. Bu, uşaqların həyat standartlarını tamamilə başqa səviyyəyə çatdıracaq. Biz inkişaf etmiş ölkələrdə uşaqlarla bağlı siyasətlə rəqabət apara bilirik. Bunun üçün bütün resurslarımız var. Ölkə rəhbərliyi bizi inkişafa, qələbəyə ruhlandırır və biz öz tərəfimizdən bu istiqaməti tutmuşuq.


Bu gün Azərbaycanda müxtəlif uşaq təşkilatları fəaliyyət göstərir. Bəs sizin Fondu digərlərindən fərqləndirən nədir?


Bəli, həm ölkəmizdə, həm də bütün dünyada müxtəlif uşaq təşkilatları fəaliyyət göstərir. Özəlliyimiz isə, bir neçə məqamdan ibarətdir. Ən başlıcası – Fondumuz ən birinci fond və qeyri-hökumət təşkilatı olaraq – məhz Heydər Əliyevin dəstəyi ilə yaranıb. Sovet vaxtında ulu öndərimiz Sovet Uşaq Fondunun təsis olunmasında, sonra isə müstəqil Azərbaycanın Uşaq Fondunun təsdiq olmasında əsas rolu öz üzərinə götürüb. Hazırda da biz Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvüyük. Digər tərəfdən isə, özəlliyimiz həmişə ondan ibarət idi ki, biz yalnız müəyyən qrupa aid uşaqlarla məşğul olmuruq. Biz bütün Azərbaycanda yaşayan uşaqlarla yanaşı, eyni zamanda digər ölkələrdə yaşayan balaca azərbaycanlılara da dəstək olmaq istiqamətində çalışırıq. Zənnimcə, bu məqamlar bizi digər uşaq təşkilatlarından fərqləndirir.


Uşaq Fondu uzun zaman irimiqyaslı layihələr həyata keçirmirdi. Bəs bu il hansı layihə və tədbirlərin keçirilməsi nəzərdə tutulub?


2022-ci ildə biz, Dünya Uşaq Gününə həsr olunmuş xeyriyyə konserti keçirdik. Bu il isə, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif istiqamətlərdə layihələr hazırlanır. Həmçinin Uşaq Yumor Liqası, uşaqlar üçün kitabların çapı nəzərdə tutulub. Xüsusilə bir neçə layihəni vurğulamaq istərdim – “Doğma mahnılar” layihəsi, not kitabı, “Peşəkar” layihəsi və digərlərinin həyata keçirilməsini planlaşdırırıq. Və ən böyük layihələrimizdən biri – “Ecliptica” Uşaq Mərkəzinin açılışı baş tutacaq. Mərkəz açılışa demək olar ki, hazırdır. Burda hər bir uşaq üçün maraqlı kurslar hazırlanıb. Ümidvaram ki, valideyn himayəsindən məhrum qalan uşaqlara dəstək olunacaq və biz onları da mərkəzimizdə görə biləcəyik. Çünki əsas istiqamətlərdən biri də – valideyn himayəsindən məhrum qalan uşaqların ailədə böyüyən uşaqlarla birlikdə layihələrimizdə görməkdir.



Bu gün uşaq hüquqlarının müdafiəsi istiqamətində nə kimi işlər görülür?


Müxtəlif müəssisələr, təşkilatlar tərəfindən uşaq hüquqların müdafiəsi istiqamətində çox işlər görülür. Amma onların nə qədər əhəmiyyət kəsb etməsi, böyük sual altındadır. Məsələn, mən çox istərdim ki, bizdə uşaqlar üçün Vahid Çağırış Mərkəzi yaradılsın. Bu, bütün uşaq bağçalarından tutmuş ali təhsil ocaqlarına qədər hər yerdə təbliğ olunsun. Çünki bu, uşaqlar üçün çox vacibdir. Ümumiyyətlə, əsas məsələlərdən biri də odur ki, uşaqlara cəmiyyətimizdə bir şəxsiyyət kimi deyil, onlara oyuncaq, şəxsi əşya kimi baxırlar. Və əlbəttə ki, bu münasibət uşağın hüquqlarını pozur. İnanıram ki, yaxın gələcəkdə bu məsələ tam olaraq dəyişəcək. Və biz öz tərəfimizdən bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq.


Gələcək planlarınız barədə məlumat verə bilərsiniz? Fond bu il əsas hansı istiqamətləri seçib?


Yuxarıda qeyd etdiyim kimi, əsas istiqamətlər – sağlamlıq, incəsənət, mədəniyyət və inkişafdır. Amma Fond olaraq prioritet məsələni bizə dövlət və şirkətlər tərəfindən dəstəkdə görürük. Çünki bu dəstək olmasa planlarımızın həyata keçirilməsi xeyli çətinləşəcək. Və inanıram ki, biz bu dəstəyə nail ola biləcəyik.

Comentarios


bottom of page