Narkomaniya – cəmiyyətin dəhşətli xəstəliyidir. İnsanın iradəsini öz əsarətinə alaraq, onu özünə tabe edir. Nəticədə insan bütün həyatını növbəti “doza”nı tapmağa həsr etmiş çarəsiz varlığa çevirilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ilin əvvəlinə dünyada rəsmi olaraq 30 milyona yaxın narkotik istifadəçisi var. Ölkəmizdə Respublika Narkoloji Mərkəzinin (2022-ci) məlumatına əsasən, narkotik vasitə istifadəçilərin sayı ölkə üzrə 35 min 97 nəfərdir. Onlardan 572 nəfəri qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 nəfər isə 65 yaşdan yuxarı şəxslərdir. Lakin bu, real rəqəmlərdən daha yüksəkdir.
Bu gün narkomaniyaya qarşı mübarizə son dərəcə mühüdür. Narkotik vasitələri daha çox məktəblilərə satmaq, onların sadəlövhlüyündən istifadə etmək asandır. Belə narkotacilər adətən birinci “doza”nı pulsuz təklif edirlər. Çünki bir müddət sonra asılılıq yarandıqda çoxlu pul lazım olur. Ona görə də narkomanlar istənilən yolla “doza” üçün pul əldə etməyə çalışırlar.
Müxtəlif ölkələrdə narkomaniyanın qarşı müxtəlif profilaktik tədbirlər həyata keçirilir. ABŞ və Avstraliyada narkotikdən istifadədən tamamilə imtina etmək düzgün hesab olunur. Narkomaniyanın qarşısının alınması çərçivəsində iki təlim proqramı daha çox vurğulanır. Avropada yeniyetmələrdə sosial-psixoloji səriştənin və hərəkətlərin şüurunun inkişafı üçün bir proqram həyata keçirilir. ABŞ-da həyat bacarıqları və məsuliyyətli qərarlar qəbul etmək bacarığının öyrədilməsi proqramı tətbiq olunur. Hər iki proqram yüksək səmərəliliyini göstərib və yeniyetmələrdə yaranan problemlərin qarşısını almaq, öz hərəkət və əməllərindən xəbərdar olmaq, həmçinin öz təhlükəsizliyini inkişaf etdirmək bacarıqlarının inkişafına yönəlib.
Azərbaycanda paytaxt məktəblərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, eləcə də, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə anti-narkotik təbliğat işinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzi ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.
“Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Maarifləndirici tədbirlərdə məktəblilərə narkotik vasitələrin ziyanlarından, real örnəklərdən, istənilən tütün məmulatlarının orqanizmdə törətdiyi böyük fəsadlardan bəhs olunur. Onlara zərərli vərdişlərdən uzaq olmaq və sosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir”, - Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Eləcə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən zərərli vərdişlərə qarşı mübarizə tədbirləri çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı silsilə tədbirlər təşkil olunur.