Bu gün Azərbaycan Uşaq Fondunun yaranmasından 35 il ötür.
Görkəmli dövlət və siyasi xadim, o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə, 1987-ci ildə “Sovet Uşaq Fondu” və 14.04.1988-ci ildə “Azərbaycan Sovet Uşaq Fondu” yaranıb.
Fondun yarandığı ilk gündən sədrin müavini vəzifəsində çalışaraq, Fondun maddi bazasını yaratmış və Fondun inkişafında xüsusi əməyi olanlardan biri – Azərbaycan Uşaq Fondun İdarə heyətinin sədri Arif Hüseynovdur.
O, 1990-cı il 20 Yanvar faciəsindən sonra sahibi olduğu 60 milyon dəyərində müəssisəni Fonda bağışlayaraq çoxmilyonlu iqtisadi mənbə yaradıb və ölkənin çətin vəziyyətində kimsəsiz uşaqlara yardımlarla xidmət edib:
"Fond öz fəaliyyətində “Uşaq hüquqları haqqında” Qanunu, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını rəhbər tutur.
Fondun əsas məqsədi – uşaqların sağlam, savadlı və vətənpərvər ruhunda şəxsiyyət kimi yetişmələrinə xidmət etmək; ehtiyacı olan kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların ehtiyaclarına hərtərəfli kömək etməkdir. Fond öz məqsədlərinə nail olmaq üçün sosial-iqtisadi layihələr hazırlayır və onları həyata keçirir.
Tezliklə Fondun keçmiş fəaliyyətinin bərpa olunmasını görmək, ən ümdə arzumdur".
Azərbaycan Uşaq Fondu Sədrinin birinci müavini və İcraçı direktoru Zəhra Bədəlbəyli:
“Azərbaycanda ilk dəfə olaraq, məktəbəqədər yaşlı uşaqların fiziki və əmək tərbiyəsi, vətənpərvər ruhda yetişməsi istiqamətində “Metodik vəsaitlər” kitablar Fond tərəfindən hazırlanıb. Ümummili lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyevlə bağlı xatirələr” kitabının rus dilindən Azərbaycan dilinə tərcüməsi üzərində işlər aparılır. Kitabda sadəcə Fondun yaranma tarixi deyil, həmçinin Heydər Əliyevin uşaqlara olan münasibətdən də geniş bəhs edilib”.
Azərbaycan Uşaq Fondunun İdarə Heyəti sədrinin müavini, Bakı filialının sədri Tamerlan Hüseynov:
“Azərbaycan Uşaq Fondu olaraq uşaqların sağlamlığı, təhsili və gələcəyi üçün zəruri imkanlar yaradır və onların maraqlarını dəstəkləyirik. Bizim 35 illik təcrübəmiz, uğurlu layihələrimiz ölkədəki bütün uşaqların inkişafına töhfədir. Missiyamız – mükəmməl və şəxsiyyət kimi yetişəcək uşaqların inkişafına dəstək olmaqdır. Hazırda Azərbaycan Uşaq Fondunda aparılan islahatların bir çoxu, məhz uşaqların sağlamlığı, təhsili və gələcək inkişafına həsr olunub.
Azərbaycan Uşaq Fondu uşaqların inkişafını təmin etmək üçün daim yeniliklərə açıqdır. Fondun gələcək planları və layihələri arasında, daha çox aztəminatlı ailələlərin uşaqları və valideyn himayəsindən məhrum edilmiş uşaqlar üçün təhsil imkanlarının yaradılması, sağlamlıq və təbabət imkanlarının genişləndirilməsi, idman və mədəniyyət sahələrindəki tədbirlər və müsabiqələr, sosial müdafiə proqramları, uşaqların mədəniyyət və incəsənət sahələrindəki inkişafı, eləcə də yeni texnologiyaların tətbiqi və daha bir çox sahəilə əlaqədar layihələr yer alır.
Həmçinin uşaq və valideynlər üçün təlim proqramları, öyrətmə-məşqçi kursları, eləcə də uşaqların texnologiyalar sahəsində təhsilini dəstəkləyən proqramlar və yeni texnologiyaların tətbiqi ilə bağlı təlimlər sayıla bilər. Azərbaycan Uşaq Fondu özünəməxsus layihələri ilə daima fərqlənir və uşaqların inkişafını təmin etmək üçün daha bir çox yeniliklərə imza atacağına inanır. Fondun həyata keçirdiyi layihələr uşaqların gələcəyinə işıq saçaraq, onların inkişafına dəstək olmaq məqsədini daşıyır.
Ən böyük arzularımdan biri – Fondun uşaqlarla bağlı daha böyük və möhtəşəm layihələrə imza atmağını görməkdir. Eləcə də, uşaqların istedadını inkişaf etdirmək, onların potensialını yüksəltmək üçün yenilikçi və maraqlı tədbirlər və müsabiqələr təşkil etmək, onların cəmiyyətdə daha aktiv iştirakına imkan yaradan proqramlar təklif etmək istərdim. Həmçinin böyük arzularımdandan biri – Fondun fəaliyyətinin daha da genişlənərək, dünya miqyasında tanınmasıdır”.
Azərbaycan Uşaq Fondu sədrinin Hüquq məsələləri üzrə müşaviri Fikrət Xosrovlu:
“Bu gün uşaq hüquqları ilə bağlı problemlər bütün dünya ictimaiyyətini həmişəkindən daha çox narahat edir. Son onilliklərdə qəbul edilmiş yerli və beynəlxalq hüquqi sənədlər, onların arasında əsas hesab edilən – Uşaq Hüquqları Konvensiyası (1989), “Uşaq hüquqları haqqında” Azərbaycan Qanunu (1998) uşaqların hüquqlarının müdafiəsi problemini tamamilə yeni formada həll etməyə imkan verir. Konvensiya əsas sosial-hüquqi prinsipi – uşaqların tam hüquqlu şəxs kimi tanınmasını müəyyən etdi.
Fond Azərbaycanda uşaqların hüquq və təminatlarının müdafiəsinin bu prinsiplər əsasında həyata keçirilməsində çox mühüm rol oynayır. İlkin olaraq, elə təəssürat yarana bilər ki, Uşaq Fondunun əsas məqsədi yalnız uşaqların sosial-iqtisadi müdafiəsi ilə bağlıdır. Lakin qeyd etmək lazımdır ki, hüquqi komponent prioritetlərdən biridir. Fond sosial vəziyyətindən asılı olmayaraq, Azərbaycandakı bütün uşaqların hüquqlarını, təminatlarını və mənafelərini müdafiə etməyi qarşımıza məqsəd qoyub.
Biz, uşaqlar və valideynlər arasında onların əsas hüquq və azadlıqlarını başa düşmələrini yaxşılaşdırmaq istiqamətində layihələr hazırlayırıq. Qarşıya qoyulmuş bütün məqsədlərə nail olmaq üçün dövlət qurumları, təhsil müəssisələri, vətəndaşlar və bütövlükdə cəmiyyətlə birlikdə fəaliyyət tələb edir. Uşaqlarımızı qoruyaraq gələcəyimizi qoruyuruq!”
Azərbaycan Uşaq Fondunun Layihə rəhbəri Mələk Mollazadə:
“Azərbaycanın bütün sahələrdə inkişafı, siyasi arenada qüvvətli dövlət kimi tanınmasında ulu öndər Heydər Əliyevin mühüm rolu olub. Bunu Azərbaycan Uşaq Fondunun fəaliyyətinə şamil etmək olar. Bir vətənpərvər şəxsiyyət kimi Heydər Əliyev həmişə Azərbaycanın parlaq gələcəyi və Azərbaycan xalqının rifahı üçün yorulmadan çalışıb. Ona görə də, xüsusilə təhsil sahəsinə, gələcəyimiz olan uşaq və gənclərin inkişafına böyük diqqət yetirib.
Azərbaycan Uşaq Fondu az təminatlı ailələr, uşaq evləri, sığınacaqlarda yaşayan uşaqlarda yaşayan uşaqlarla bağlı bir sıra layihələr həyata keçirib. Bunlardan “Uşaqlar “ağ ölümə” “yox” deyir”, “Gənc istedad”, “Əlil uşaqlar üçün yardım”, “Bilik gücdür”, “Açıq ürəklər” və “Mədəni ol” layihələrini qeyd etmək olar. Eləcə də, 2022-ci ilin noyabrın 20-də Dünya Uşaqlar Günü ilə bağlı xeyriyyə konserti təşkil edildi.
Həmçinin bu ilin aprelin 15-də Azərbaycan Uşaq Fondunun nəzdində “Ecliptica” Uşaq İnkişaf Mərkəzinin açılışdan da bəhs etmək olar. Mərkəzin əsas məqsədi – bütün uşaqların, həmçinin aztəminatlı ailələrdən, uşaq evlərindən və sığınacaqlardan uşaqların dünyagörüşünün, istedadının, bilik və bacarıqlarını artırmaqdır. Burada uşaqlar aktyorluq, rəssamlıq və yazıçılıq bacarıqlarını inkişaf etdirərək, təbiətin, kosmosun və rəqəmsal dünyanın sirlərini öyrənəcək, daha kreativ düşüncə sahibi olacaqlar. Eləcə də, Maliyyə Savadlılığı proqramı çərçivəsində gənclər pul, qənaət, xərc, sərmayə, büdcə, kredit kimi konseptlər haqqında biliklər əldə edəcəklər.
Uşaqlar bizim gələcəyimizdir və biz onlara görə məsuliyyət daşıyırıq”
Comments