Martın 21-də BƏƏ-nin Dubay şəhərində beynəlxalq bədii gimnastika turniri keçirilib.
Çempionatda 12 ölkənin (Qazaxıstan, BƏƏ, Polşa, Qırğızıstan, Çexiya, Özbəkistan, Filippin, Rusiya, Azərbaycan, Küveyt, ABŞ, İsveçrə) bədii gimnastika üzrə ən yaxşı məktəb və idmançıları iştirak edib. Bu, Dubayın Hamdan İdman Kompleksində keçirilən ilk “Alem İnternational” beynəlxalq turniridir. Turnirdə Azərbaycanı təmsil edən Angel Vəfa Seyid qızıl medal qazanaraq üçrəngli bayrağımızı göylərə ucaldıb.
Qeyd edək ki, bu, 12 yaşlı Angel Vəfa Seyidin ilk qələbəsi deyil. 3 yaşından bədii gimnastika ilə məşğul olan soydaşımız Azərbaycanda keçirilən bir çox beynəlxalq müsabiqələrdə 4 dəfə qızıl, 3 dəfə gümüş medallar qazanıb. Peşəkar gimnastika ilə yanaşı, üzgüçülük, atçılığın konkur növü üzrə də yarışlara hazırlaşır.
Yaxın zamanlarda Avropa Liseyində məktəblilər arasında keçirilmiş “World Scholars Cup” forumunda iştirak edən Angel Vəfa 4 qızıl və 3 gümüş medala layiq görülüb. Bununla yanaşı o, İzmir (Türkiyə), London (Böyük Britaniya), Tokyoda (Yaponiya) keçiriləcək forumlardan birində iştirak etmək hüququ qazanıb.
Comments